Belçikada koronavirusa yoluxanların sayı Hindistandan iki dəfə çoxdur

Digər ölkələr
  • 22 aprel, 2020
  • 10:24
Belçikada koronavirusa yoluxanların sayı Hindistandan iki dəfə çoxdur

Belçikada daha 933 nəfərdə koronavirus infekiyası aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Federal İctimai Səhiyyə Xidməti açıqlayıb.

Ölkədə virusa yoluxma hallarının sayı 41 889-a yüksəlib.

Bundan başqa, ötən sutkada krallıqda 266 nəfər koronavirusun qurbanı olub. Ümumilikdə ölənlərin sayı isə 6 262-yə çatıb.

Qeyd edək ki, Belçika əhalisinə görə koronavirusun ən çox yayıldığı ölkələrdən biridir. Müqayisə üçün dünyanın ən sıx əhalisinə sahib Hindistanda yoluxma faktlarının sayı iki dəfə azdır – 20 178.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 573 000-i ötüb. Bunların 701 838 nəfəri sağalıb, 178 558 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.