Rizvan Nəbiyev: Azərbaycan yaxın iki ildə çoxtərəfli diplomatiyanın fəal iştirakçısı olacaq
- 13 oktyabr, 2026
- 11:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan qarşıdakı iki il ərzində Türk dünyası, Mərkəzi Asiya, İslam dünyası, MDB və Avropa siyasi məkanında çoxtərəfli diplomatiyada fəal rol oynayacaq.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin bugünkü plenar iclasında bildirib.
Onun sözlərinə görə, bu proseslərin strateji önəmi təkcə beynəlxalq tədbirlərə ev sahibliyi etməklə məhdudlaşmır, eyni zamanda regional və qlobal gündəliyin müəyyənləşdirilməsində, yeni təşəbbüslərin ortaya qoyulmasında və milli maraqlara uyğun uzunmüddətli tərəfdaşlıqların gücləndirilməsində özünü göstərir:
"Azərbaycanın işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etməsi regionda əməkdaşlıq üçün yeni siyasi reallıqlar formalaşdırıb. Prezident İlham Əliyevin sülh və əməkdaşlıq kursu əldə olunan nailiyyətlərin dayanıqlı sabitliyə, iqtisadi inteqrasiyaya və qarşılıqlı etimada çevrilməsini nəzərdə tutur. Azərbaycanın gələcək dövrdə xarici siyasətdə daha aktiv mövqe tutması ölkənin güclənən iqtisadi, siyasi və hərbi potensialı ilə tam üst-üstə düşür. Azərbaycanın müstəqil xarici siyasət xətti, regional sülh təşəbbüsləri və genişlənən strateji əməkdaşlıqları ölkəmizin fəal orta güc kimi mövqeyini daha da möhkəmləndirən başlıca amillərdir".