Eynar Abdullayev: "AzQR ilə Türk QR-ın bir-birilə əlaqələndirilməsi araşdırılıb"
- 13 oktyabr, 2026
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
AzQR ödənişlə Türk QR-ın bir-birilə əlaqələndirilməsi yolları araşdırılıb.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin sədr müavini Eynar Abdullayev Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbir çərçivəsində panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, bu məsələ Türkiyənin beynəlxalq pul köçürmə sistemi olan "Universal Payment Transfer"in (UPT) nümayəndələri müzakirə edilib: "AzQR ilə Türk QR-ın bir-birinə bağlanma yolun araşdırdıq. UPT ilə yerli bir fintex şirkətinin inteqrasiyası və onların QR sistemlərinə çıxışı olduğu təqdirdə, Azərbaycan bank kartına və ya hesabına sahib olan bir vətəndaş Türkiyədə artıq rahatlıqla ödəniş edə biləcək. Bunu beş ölkə arasında tətbiq etdiyimizi düşünsək, iki fintex arasındakı kiçik görünən iş birliyi artıq böyük bir inteqrasiya olunmuş ekosistemə çevrilir".
E.Abdullayev qeyd edib ki, fintexlərin banklardan ən əsas fərqi odur ki, onlar bütün banklarla və ya bir çox bankla texniki inteqrasiyalar edə və onların aqreqatoru kimi çıxış edə bilirlər: "Əslində, Azərbaycanda kifayət qədər belə fintex var və türk dövlətlərində də belə fintexlərin bir-biri ilə inteqrasiya etməsi mümkündür. Aqreqator kimi iki fintex arasındakı inteqrasiya artıq bütün bankları bir-birinə bağlayan bir körpüdür. Bu, UPT-nin Azərbaycandakı və ya Qazaxıstandakı bütün banklara bağlanması deməkdir. Düşünürəm ki, bu, türk dövlətlərinin maliyyə ekosistemi üçün çox vacib bir addımdır".