Pakistan Senatının sədri: Özümüzü Azərbaycan və Türkiyə ilə birgə "üç dövlət, bir millət" kimi görürük - MÜSAHİBƏ

Xarici siyasət
  • 01 noyabr, 2025
  • 11:49
Pakistan Senatının sədri: Özümüzü Azərbaycan və Türkiyə ilə birgə üç dövlət, bir millət kimi görürük - MÜSAHİBƏ

Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycana səfəri çərçivəsində "Report"a müsahibəsində parlamentlərarası əlaqələr, Pakistan-Ermənistan münasibətləri, qarşılıqlı yüksək səviyyəli səfərlər, yeni əməkdaşlıq imkanları barədə danışıb.

- Cənab sədr, ilk olaraq Azərbaycan və Pakistan parlamentləri arasında əlaqənin hazırkı dinamikası barədə məlumat almaq istərdik. Münasibətlərin mövcud mərhələsini necə dəyərləndirirsiniz?

- Azərbaycanla çox uğurlu parlament əlaqələrimiz var. Milli Məclisin sədri Sahibə Qafarova iki dəfə Pakistana səfər edib. Noyabrın 11-12-də Pakistanda konfransımız olacaq. Ancaq Sahibə Qafarova COP30-da iştirak məqsədilə Braziliyaya gedəcəyi üçün bizim konfransda onun birinci müavini iştirak edəcək.

- Pakistan-Ermənistan münasibətlərinin son vəziyyəti barədə də fikirləriniz maraqlıdır.

- Ermənistanla hələ elə bir əlaqəmiz yoxdur. Çünki bizim üçün ondan əvvəl Türkiyə, Azərbaycan və Pakistan münasibətləri gəlir. Həmişə özümüzü Azərbaycan və Türkiyə ilə birgə "üç dövlət, bir millət" kimi görürük. Ona görə də bizim əsas marağımız ölkənizdə davamlı sülhün olmasıdır. Bundan sonra isə əlbəttə, uyğun istiqaməti izləyəcəyik.

- Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında Pakistan şirkətlərinin iştirakı gündəmdədir? Bu istiqamətdə hansı konkret addımlar planlaşdırılır?

- Sonuncu dəfə Azərbaycana gələndə cənab Prezidentlə də görüşdüm və biz iqtisadi, eləcə də inkişaf yönümlü sahələrlə bağlı bəzi məsələləri müzakirə etdik, həmin məsələlər razılaşdırıldı. Daha sonra Baş nazirimiz Azərbaycana gələndə bir sıra sənədlər imzalandı. Yəni münasibətləri inkişaf etdiririk, iqtisadi-ticari əlaqələrimiz yüksək səviyyədədir. Şübhəsiz, biz Qarabağa da investisiya qoymağa hazırıq.

- Bəs son illərdə müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıqda hansı yeni imkanlar ortaya çıxıb?

- Müdafiə və təhlükəsizlik sahəsində yüksək səviyyəli əməkdaşlığımız mövcuddur və hər gün münasibətlərimizi daha da inkişaf etdiririk. Bizim Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurası (SIFC) adlı bir qurumumuz var və bu Şura vahid çətir altında fəaliyyət göstərir. Pakistana investisiya qoymaq istəyən istənilən sahibkara bu sistem vasitəsilə kömək etməyə hazırıq. Onlar bir platformada bütün lazımi imkanları əldə edirlər. Xüsusilə kənd təsərrüfatı, informasiya texnologiyaları), mədən və mineral sahələr bizim üçün prioritetdir.

– Azərbaycan, Türkiyə və Pakistan arasında imzalanmış Bakı Bəyannaməsi barədə nə deyə bilərsiniz? Həmin sənəddəki müddəaların icrası sizi qane edirmi?

- Biz Bakı Bəyannaməsini yüksək qiymətləndiririk. Çünki onun bir hissəsiyik.

- Son olaraq qarşılıqlı səfərlər barədə məlumat aımaq istərdik. Yaxın dövrdə Pakistan Baş nazirinin Zəfər paradında iştirak üçün Azərbaycana planlaşdırılan səfərindən başqa yeni qarşılıqlı səfərlər gözlənilir?

– Hər bir münasibətdə yüksək qiymətləndirdiyim istiqamətlərdən biri də xalqlar arasında təmaslardır və bu, parlamentlərin əməkdaşlığında özünü yüksək səviyyədə göstərir. Hər iki parlament arasında müəyyən qruplar yaradılıb və onların əlaqələri olduqca möhkəmdir. Azərbaycan və Pakistan parlamentlərinin spikerləri qarşılıqlı səfərlər həyata keçiriblər və anlaşma memorandumları (MOU) imzalayıblar. Ümumiyyətlə, iki ölkənin rəsmiləri arasında çox tez-tez görüşlər olur. Cənab Baş nazir qayıtdıqdan sonra Azərbaycan Prezidentinin Pakistana səfərini səbirsizliklə gözləyirik.

Son xəbərlər

Bütün Xəbər Lenti