WSJ: ABŞ İranın Qeşm adasına zərbə endirib
- 03 noyabr, 2026
- 05:17
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ hərbçiləri Hörmüz boğazında yerləşən İranın Qeşm adasına zərbə endirib.
"Report" "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, bunu nəşrə Amerika rəsmiləri açıqlayıblar.
Onların sözlərinə görə, son bir neçə həftə ərzində ABŞ İran ərazisinə məhdud zərbələr endirir. Amerika administrasiyasının bəzi nümayəndələri bu addımı Hörmüz boğazında ticarət gəmilərinə mümkün hücumların qarşısını almağa yönəlmiş müdafiə tədbirləri kimi xarakterizə edirlər.
Qeyd olunub ki, Vaşinqton İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək niyyətində olduğu təəssüratını yaratmamaq üçün bu əməliyyatlar barədə məlumatı qəsdən açıqlamır.
Qeşm adasında yeraltı raket kompleksi və hərbi dəniz bazası yerləşir. Əvvəllər də bu ərazi Amerikanın zərbələrinə məruz qalıb.
Daha əvvəl İran mediası da Qeşm adasında partlayış səslərinin eşidildiyi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-yə məxsus 2 kəşfiyyat dronunu ələ keçirdiyi, bir pilotsuz uçuş aparatını (PUA) isə vurduğu barədə məlumat yayıb.