Nasar Hayat: BMT 2030-cu ilə qədər ANAMA-ya dəstəyini davam etdirəcək

Xarici siyasət
  • 02 sentyabr, 2026
  • 11:10
Nasar Hayat: BMT 2030-cu ilə qədər ANAMA-ya dəstəyini davam etdirəcək

BMT 2026-2030-cu illəri əhatə edən Azərbaycanla tərəfdaşlıq çərçivəsində Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) yardım göstərməyi davam etdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu BMT-nin ölkədəki əlaqələndiricisi adından BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.

O qeyd edib ki, 2020-2025-ci illər ərzində BMT-nin Azərbaycandakı strukturları, o cümlədən BMTİP, UNICEF və BMT Qaçqınlar üzrə Ali Komissarlığı, Avropa İttifaqı və Böyük Britaniyanın da yer aldığı tərəfdaşların maliyyə dəstəyi ilə ANAMA ilə fəal əməkdaşlıq ediblər.

M.Hayatın sözlərinə görə, qarşılıqlı fəaliyyət institusional dəstək, texniki ekspertizanın təmin edilməsi, satınalmalara kömək və partlayıcı təhlükəli əşyalar aşkar edildikdə davranış qaydaları barədə əhalinin maarifləndirilməsi vasitəsilə milli potensialın gücləndirilməsinə yönəlib: "Bu səylər zərərçəkmiş icmaların təhlükəsizlik və dayanıqlılıq səviyyəsinin yüksəlməsinə töhfə verib".

O vurğulayıb ki, BMT 2026–2030-cu illər üçün dayanıqlı inkişaf sahəsində Azərbaycanla yeni əməkdaşlıq üzrə çərçivə sənədi daxilində BMT-nin Layihə Xidmətləri İdarəsi və digər institutlar vasitəsilə ANAMA-nın səylərini dəstəkləməyə sadiq qalır.

"Biz, həmçinin minatəmizləmə fəaliyyəti sahəsində qabaqcıl təcrübə və təlim üzrə Beynəlxalq Mərkəz çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik. Bu mərkəzin humanitar minatəmizləmə və münaqişədən sonrakı bərpa sahəsində bacarıqların inkişaf etdirilməsi, innovasiyaların təşviqi və s. üçün perspektivli qlobal platforma kimi təsis edilməsi planlaşdırılır", – BMT nümayəndəsi vurğulayıb.

O, həmçinin bildirib ki, əhəmiyyətli irəliləyişə baxmayaraq, qarşıda hələ görüləcək çox iş var: "Azərbaycanda tərəfdaşlığın, beynəlxalq həmrəyliyin və minatəmizləmə fəaliyyətinə dəstəyin genişləndirilməsi üçün imkanlar mövcuddur".

BMT nümayəndəsi, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb: "Minalarla çirklənmə zərərçəkmiş ölkələr üçün milli çağırış olsa da, minatəmizləmə fəaliyyəti qlobal məsuliyyətdir. Bir ölkədə əldə edilən təcrübə, innovasiyalar, texnologiyalar və dərslər digər ölkələrə fayda verə bilər. Buna görə də beynəlxalq əməkdaşlıq vacib olaraq qalır".

44 - Tezliklə