İnam Yusifov: "Elektron xidmətlər regionlarda xidmətlərə əlçatanlığı artırır"
- 15 oktyabr, 2026
- 13:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda elektron xidmətlərin genişləndirilməsi vətəndaşlar və sahibkarlar üçün vaxta qənaət etməklə yanaşı, regionlarda yaşayan istehlakçıların xidmətlərə əlçatanlığını artırır.
"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin "ASAN xidmət"lə İş və Elektron İdarəetmə Departamentinin direktoru İnam Yusifov işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə ölkədə ötən 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, eyni zamanda müraciətlərin daha operativ və şəffaf şəkildə icrasına şərait yaradır: "Rəqəmsallaşma istiqamətində atılan addımların davamı olaraq, qeyri-əhali istehlakçılarının elektrik şəbəkəsinə qoşulması xidmətini yalnız onlayn qaydada həyata keçiririk. Bu yanaşma müraciət prosesinin sadələşdirilməsinə, xidmətlərin daha səmərəli təşkilinə və elektron xidmətlərdən istifadənin təşviqinə xidmət edir".
İ.Yusifov qeyd edib ki, "Azərişıq" üçün əsas prioritetlərdən biri yalnız qəbul edilən müraciətlərin sayı deyil, həm də onların keyfiyyətlə, operativ və şəffaf şəkildə icra olunmasıdır: "Bu məqsədlə xidmətlərin təkmilləşdirilməsi, müraciət prosedurlarının sadələşdirilməsi və rəqəmsal imkanların genişləndirilməsi istiqamətində işlərimizi davam etdiririk".