İlham Əliyev: "İqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur"

Maliyyə
  • 03 noyabr, 2025
  • 13:59
İlham Əliyev: İqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur

Azərbaycan iqtisadiyyatının aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında bildirib.

"Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul (ÜDM) çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir", - deyə Prezident qeyd edib.

Dövlət başçısının sözlərinə görə, bu gün dünyanın aparıcı reytinq agentlikləri - iki aparıcı beynəlxalq reytinq agentliyi ölkəmizin kredit reytinqini qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb: "Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Çünki bu gün bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir".

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir: "Sirr deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ÜDM-nin 100 %-ni, bəlkə də daha çox təşkil edir. Bizdə isə bu, cəmi 6 %-dən bir qədər çoxdur. Bizim valyuta ehtiyatlarımız ildən-ilə artır və bu il də əhəmiyyətli dərəcədə artıb, 80 milyard dolları ötüb, xarici borcumuzdan 16 dəfə çoxdur. Biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. Yəni, bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir".

Bundan başqa, dövlət başçısının sözlərinə görə, iqtisadi və maliyyə dayanıqlılığı böyük investisiya layihələri icra etməyə imkan verir: "Təbiidir ki, bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. İşğaldan azad edilmiş bu torpaqlarda da dünyada misli görülməmiş işlər görülür. Yəni, Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu barədə məlumatlandırılır və bir çox vətəndaşlarımız artıq azad edilmiş torpaqlara gediblər. Dəfələrlə orada olublar və gedən inkişafı öz gözləri ilə görürlər. Yəni, bizim güclü iqtisadiyyatımız bizə həm əminlik verir, həm də işğaldan azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə, güclü hərbi potensialı yaratmağa imkan verir.

Çünki yenə də demək istəyirəm ki, bu gün dünyada qaydalar tamamilə dəyişib. Beynəlxalq təşkilatlar, yəni, onların bir çoxu iflic vəziyyətindədir. Onların qərarları icra edilmir. Necə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 30 il icra edilməyib. Əgər biz öz torpaqlarımızı hərbi yolla azad etməsəydik, hələ bundan sonra 100 il də icra edilməyəcəkdi. Beynəlxalq təşkilatların nüfuzu böyük dərəcədə aşağı düşüb. Bu gün güc amili dünyada aparıcı amildir. Yəni, bugünkü dünya budur və belə olan halda təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir. Əlbəttə ki, güclü iqtisadiyyat, maliyyə resursları olmadan bunu əldə etmək mümkün olmayacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti