Azərbaycanda fintex sektorunda növbəti iki il üçün əsas hədəflər açıqlanıb

Maliyyə
  • 13 oktyabr, 2026
  • 10:56
Azərbaycanda fintex sektorunda növbəti iki il üçün əsas hədəflər açıqlanıb

Fintex sektorunda növbəti iki il üçün əsas hədəflər açıqlanıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda fintex sektorunun inkişafını üç mərhələyə bölmək olar: "İlk mərhələni tənzimləmədən əvvəlki dövr kimi xarakterizə edə bilərik. Bu, təxminən 2023–2024-cü illəri əhatə edir. Həmin dövrdə bu sahədə hər hansı qanunvericilik bazası olmadan təşkilatlar yaranır, müxtəlif məhsullar hazırlanırdı".

O qeyd edib ki, AMB 2024–2026-cı illəri isə ikinci mərhələ hesab edir: "Bu mərhələdə Mərkəzi Bank tərəfindən "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanun qəbul edilib, eləcə də bir sıra qaydalar təsdiqlənib. Bu dövrdə əsas məqsədimiz sektorda institusional inkişafı təmin etmək idi. Bu məqsədə nail olmaq üçün nəzarət mexanizmlərinin qurulmasını və qanunvericilik bazasının təkmilləşdirilməsini vacib hesab edirdik".

V. Xəlilov bildirib ki, artıq ikinci mərhələnin sonuna yaxınlaşılır və üçüncü mərhələyə, yəni sektorun sürətli inkişafı dövrünə qədəm qoyulur: "Növbəti iki il ərzində həm sektorla birlikdə keçdiyimiz yolun nəticələrini qiymətləndirməyi, həm də qanunvericilik bazasını və mövcud qaydaları yeniləməyi hədəfləyirik".

44 - Tezliklə