ING Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu aşağı salıb
- 15 oktyabr, 2026
- 16:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderlandın ən böyük bank qrupu - "ING Group" Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 5,7 %, 2027-ci ildə 5,6 % və 2028-ci ildə 5,3 % səviyyəsində olacağını proqnozlaşdırır.
"Report" ING-yə istinadən xəbər verir ki, bu il üçün inflyasiya proqnozu əvvəlki qiymətləndirməyə nisbətən 0,1 faiz bəndi (f.b.) aşağıya doğru yenidən baxılıb, sonrakı illər üzrə gözləntilər isə dəyişməz qalıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildəki 2,2 %-lə müqayisədə 2025-ci ildə ölkədə orta illik inflyasiya 5,6 % səviyyəsində qeydə alınıb. 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə orta illik inflyasiya göstəricisi 5,7 %-ə çatıb.
Bankın ekspertləri ehtimal edirlər ki, 2026-cı ilin üçüncü rübündə orta illik inflyasiya 5,7 % (əvvəlki qiymətləndirmə - 5,8 %), dördüncü rübdə isə 5,4 % (əvvəllər 5,9 % gözlənilirdi) təşkil edəcək. Bundan başqa, 2027-ci ilin birinci rübü üçün 5,7 %, ikinci rüb üçün 5,7 %, üçüncü rüb üçün 5,4 % və dördüncü rüb üçün 5,4 % səviyyəsində inflyasiya proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, ölkədə orta illik inflyasiyanın 2026-cı ildə 5,7 % və 2027-ci ildə 5,3 % səviyyəsində olacağı gözlənilir. Azərbaycan Mərkəzi Bankı (iyul proqnozuna əsasən) 2026-cı ildə 6,1 % və 2027-ci ildə 5,8 % inflyasiya gözləyir.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanı 2026-cı ildə 6,1 %, 2027-ci ildə 5,6 % və 2028-ci ildə 4,9 % səviyyəsində proqnozlaşdırır.