ING Group: Azərbaycan iqtisadiyyatı 2026-2028-ci illərdə orta hesabla 2,3 % böyüyəcək
- 15 oktyabr, 2026
- 16:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycan iqtisadiyyatının artımını 2026-cı ildə 1,5 %, 2027-ci ildə 3 % və 2028-ci ildə 2,5 % səviyyəsində proqnozlaşdırır.
Bu barədə "Report" ING-yə istinadən xəbər verir.
Bundan əvvəl dərc edilmiş qiymətləndirmələrlə müqayisədə, bu il üçün ÜDM dinamikası proqnozu 0,5 faiz bəndi (f.b) aşağıya doğru düzəliş edilib. Bununla yanaşı, 2027-ci il üçün gözləntilər dəyişməz qalıb, 2028-ci il üzrə proqnoz isə 0,2 f.b. yaxşılaşdırılıb.
2026-cı ildən 2028-ci ilə qədər olan dövrdə Azərbaycanın ÜDM-in orta illik artımı bankın analitikləri tərəfindən 2,3 % səviyyəsində qiymətləndirilir.
ING-nin hesablamalarına görə, 2026-cı ilin üçüncü rübündə iqtisadi artım 2,8 %-ə çatacaq, dördüncü rübdə isə 1,7 %-ə qədər yavaşlayacaq. Bundan əlavə, 2027-ci ilin birinci rübündə ÜDM-in 3 %, ikinci rübdə 3,5 %, üçüncü rübdə 2 %, dördüncü rübdə isə 3,5 % artacağı proqnozlaşdırılır.
Xatırladaq ki, 2025-ci ilin yekunlarına görə Azərbaycan iqtisadiyyatının artımı 1,4 % səviyyəsində qeydə alınıb. İqtisadiyyat Nazirliyi cari ildə ÜDM artımını 1,7 %, növbəti ildə isə 2,7 % səviyyəsində qiymətləndirir. Azərbaycan Mərkəzi Bankı ölkənin ÜDM artımını 2026-cı ildə 0,5 %, 2027-ci ildə isə 2,6 % səviyyəsində proqnozlaşdırır.