Azərbaycanda törəməsi olan bank 25 milyon avro kredit alacaq

Maliyyə
  • 21 oktyabr, 2021
  • 11:11
Azərbaycanda törəməsi olan bank 25 milyon avro kredit alacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Avropa İttifaqı (Aİ) ilə birlikdə Gürcüstanda mikro, kiçik və orta sahibkarlığın (KOBİ) inkişafını dəstəkləmək üçün bu ölkənin "TBC Bank"ına 25 milyon avro ekvivalentində lirədə kredit verəcək.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Məlumata görə, məqsəd əsasən yaşıl texnologiyalara əsaslanan investisiya qoyuluşunun maliyyələşdirilməsidir. Aİ krediti “EU4Business” təşəbbüsü çərçivəsində borc alanlar üçün qrant və pulsuz texniki yardımla tamamlayacaq.

Kredit paketi, şirkətlərə məhsul və xidmətlərini təkmilləşdirməyə və Aİ standartlarına uyğunlaşdırmağa, daxili rəqabət qabiliyyətini artırmaq və xarici bazarlarda daha uğurlu fəaliyyət göstərmək üçün istehsalını modernləşdirməyə imkan verəcək.

Paket yerli firmaları daha yaşıl və rəqabətli vəziyyətə gətirməyi hədəfləyən, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada mövcud olan birgə maliyyələşdirmə proqramı olan "EU4Business-EBRD Credit Line" çərçivəsində verilir.

Proqram 2016-cı ildə başladıqdan sonra, kənd təsərrüfatından tibbi xidmətlərə qədər müxtəlif sektorlarda fəaliyyət göstərən 170 gürcü şirkəti ondan yararlanıb.

EBRD Gürcüstanda aparıcı institusional investordur. Bank bu günə qədər maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 265 layihəyə 4 milyard avrodan çox sərmayə qoyub ki, bunun da, 79 %-I özəl sektorun payına düşüb.

"TBC Bank" isə geniş çeşidli ənənəvi maliyyə xidmətləri və yenilikçi rəqəmsal həllər təklif edən Gürcüstanda aparıcı universal maliyyə qrupu "TCB"yə daxildir. Bank Azərbaycanda da fəaliyyət göstərir və ölkəmizdə, 100 % təsisçisi olduğu “TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) ilə təmsil olunur.