Azərbaycan Mərkəzi Bankı dayanıqlılıqla bağlı strateji fəaliyyət istiqamətlərini açıqlayıb

Maliyyə
  • 24 noyabr, 2025
  • 18:28
Azərbaycan Mərkəzi Bankı dayanıqlılıqla bağlı strateji fəaliyyət istiqamətlərini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dayanıqlı maliyyə ilə bağlı 5 strateji fəaliyyət istiqamətini müəyyənləşdirib.

"Report" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımovun "Central Banking" onlayn jurnalında dərc olunan məqaləsində qeyd edilib.

Bunlar aşağıdakılardan ibarətdir:

- Azərbaycan maliyyə sektorunda institusional potensialın gücləndirilməsi və möhkəmləndirilməsi üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini təşviq etmək;

-Ətraf mühitə yararlı layihələri maliyyələşdirmək, dayanıqlı dövlət və özəl investisiyaları dəstəkləmək üçün suveren "yaşıl istiqraz"lar və "yaşıl sığorta" kimi "yaşıl maliyyə məhsul"larını yeniliklər gətirmək və inkişaf etdirmək;

- Şəffaflığı artırmaq, ekoloji, sosial və idarəetmə (ESİ) hesabatlılığını təmin etmək və investor inamını gücləndirmək məqsədilə hərtərəfli dayanıqlılıq hesabatlılığı çərçivəsini tətbiq etmək;

- ESİ mülahizə və iqlim riskləri amillərini bank tənzimləməsi çərçivəsinə inteqrasiya etmək, sistematik risklərin identifikasiyasını və idarə olunmasını asanlaşdırmaq üçün "ESİ risk radarı" kimi qabaqcıl alətləri tətbiq etmək;

- İqlim risklərinin effektiv təhlilini təşviq etmək məqsədilə qurumlar və ölkələr arasında əməkdaşlığı genişləndirmək.

T. Kazımov hesab edir ki, iqlim dəyişikliyinin yaratdığı çağırışlar qlobal xarakter daşıyır və çoxşaxəli yanaşma tələb edir: "Bu səbəbdən məlumat mübadiləsi və birgə fəaliyyət həm faydalı, həm də zərurətdir".

O əlavə edib ki, AMB dayanıqlı maliyyə sisteminin inkişafında aparıcı rol oynamaqda tam qərarlıdır: "AMB təşəbbüsləri, güclü tərəfdaşlıqları və dayanıqlılığa bağlılığı ilə təkcə yaşıl transformasiyaya töhfə verməyi deyil, həm də qlobal iqlim fəaliyyəti səylərini dəstəkləməyi və inkişaf etdirməyi hədəfləyir.

AMB "yaşıl maliyyə" sahəsində innovasiyaları təşviq etmək, iqlim dəyişikliyinin yaratdığı sistem risklərini mitiqasiya etmək və iqtisadi rifahla ekoloji dayanıqlığın birgə mövcud olduğu gələcək yaratmaqda qərarlıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti