Bəxtiyar Aslanbəyli: “Pandemiya BP-nin Xəzərdəki platformalarının dayanmasına gətirib çıxara bilərdi”
- 15 noyabr, 2021
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın BP şirkəti COVID-19 pandemiyasının baş verməsi səbəbindən dəniz platformalarında bütün heyəti üç dəfə tamamilə dəyişməli olub. Lakin dənizdə neft və qaz hasilatının dayandırılmasının qarşısı alınıb. Heç bir platforma fəaliyyətini dayandırmayıb.
“Report” xəbər verir ki, bunu BP-nin kommunikasiyalar və xarici əlaqələr üzrə regional vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O qeyd edib ki, infeksiyanın yayılmasında daha bir artım olsaydı, şirkət platformalarda növbəti kadr dəyişikliyi üçün növbəli işçilər tapmaya bilərdi.
B. Aslanbəylinin sözlərinə görə, xoşbəxtlikdən, bu baş verməyib: “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz”dəki dəniz platformalarının heç biri qazma qurğusu, şirkətin bir dənə də olsun tikinti meydançası pandemiya səbəbindən fəaliyyətini dayandırmayıb”.
“AÇG yatağında hasilat davam edir, burada hasilat həcmi illik biznes plana uyğun olaraq proqnoza yaxın olacaq. "Şahdəniz" yatağında vəziyyət çox yaxşıdır. İllik proqnoz artıqlaması ilə yerinə yetiriləcək. “Azəri-Mərkəzi Şərqi” (ACE) platformasının tikintisi 60 %-i tamamlanıb və tikintinin 2022-ci ildə tam başa çatdırılması gözlənilir”, - deyən B. Aslanbəyli bildirib.
O qeyd edib ki, planlaşdırıldığı kimi burada ilk neftin 2023-cü ildə alınması gözlənilir.
Xatırladaq ki, ACE-də sutkalıq hasilat 100 min barel təşkil edəcək ki, bu da ümumilikdə AÇG-də hasilat səviyyəsini nisbətən sabit səviyyədə saxlayacaq.