Laos Azərbaycan biznesini güzəştli şərtlərlə öz xüsusi iqtisadi zonalarına dəvət edir
- 14 oktyabr, 2026
- 10:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Laos logistika, energetika və sənaye istehsalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün Azərbaycan investisiyalarının və şirkətlərinin cəlb edilməsini hədəfləyir, həmçinin Azərbaycan biznesinə öz xüsusi iqtisadi zonalarında fəaliyyət göstərmək üçün güzəştli şərtlərdən istifadə etməyi təklif edir.
"Report" xəbər verir ki, bunu Laos Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Tanonqsin Kanlanya Azərbaycan-Laos biznes forumunda bildirib.
T. Kanlanya bildirib ki, Azərbaycan Qafqaz regionu, Türkiyə, Mərkəzi Asiya və Avropa dövlətlərinin bazarlarına çıxışı təmin edən strateji baxımdan mühüm logistika qovşağı kimi qəbul edilir: "Bundan əlavə, hər iki ölkənin logistika və ticarət strukturları qarşılıqlı tədarüklər üçün yeni nəqliyyat dəhlizləri qura bilər. Buraya bir tərəfdən Laos qəhvəsinin, düyüsünün və kənd təsərrüfatı məhsulları, digər tərəfdən isə Azərbaycan ərzaq, neft-kimya və sənaye məhsulları daxildir".
O, həmçinin Laosun günəş və külək enerjisi istehsalının inkişafı istiqamətində fəal iş apardığına diqqət çəkib: "Azərbaycanın həm ənənəvi, həm də bərpa olunan enerji sahəsindəki geniş təcrübəsini nəzərə alaraq, Laos texnologiyalar, investisiya cəlbi, enerji menecmentinin və elektrik enerjisinin paylanması sisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyət üçün əhəmiyyətli imkanlar görür.
Bununla yanaşı, Laos hakimiyyəti azərbaycanlı investorları ölkə ərazisindəki 20-dən çox xüsusi iqtisadi zonada layihələrin həyata keçirilməsində iştirak etməyə dəvət edir. Həmin zonalarda kənd təsərrüfatı xammalının emalı, yüksək texnologiyalı istehsal və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr üçün güzəştli şərtlər tətbiq olunur".