Nazir: "Energetika sektorunda rəqabət mühitinin inkişafı üçün islahatlar aparılıb"

Energetika
  • 14 oktyabr, 2026
  • 10:47
Nazir: Energetika sektorunda rəqabət mühitinin inkişafı üçün islahatlar aparılıb

Azərbaycanda elektrik enerjisi və təbii qazın ötürülməsi və paylanmasının təbii inhisar xarakteri, təchizatın fasiləsizliyi və sistem təhlükəsizliyi effektiv dövlət tənzimlənməsini zəruri edir.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.

Onun sözlərinə görə, xarici investorların iştirakı ilə Azərbaycanın ənənəvi enerji potensialının gücləndirilməsi ilə yanaşı, bərpa olunan enerji mənbələri daha intensiv enerji sisteminə daxil olur: "Yeni istehsal gücləri yaradılır və özəl sektorun iştirakı genişləndirilir. Son illərdə energetika sektorunda rəqabət mühitinin inkişafı istiqamətində geniş qanunvericilik və institusional islahatlar aparılıb. Altı yeni qanunun qəbulu bu istiqamətdə aparılan islahatların bariz təzahürüdür".

Nazir qeyd edib ki, rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun texnoloji və iqtisadi xüsusiyyətlərini nəzərə almaq vacibdir: "Elektrik enerjisi və təbii qazın ötürülməsi və paylanmasının təbii inhisar xarakteri, təchizatın fasiləsizliyi və sistem təhlükəsizliyi effektiv dövlət tənzimlənməsini zəruri edir. Buna görə də rəqabətin mümkün olduğu sahələrdə bərabər imkanların yaradılmasına, təbii inhisar fəaliyyətlərində isə şəffaflığa, səmərəliliyə və istehlakçı hüquqlarının qorunmasına üstünlük verilir".