Bəşir Hacıyev: "Azərbaycan keyfiyyətcə yeni və yüksək inkişaf mərhələsini yaşayır"
- 14 oktyabr, 2026
- 10:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Özünəməxsus milli inkişaf modeli ilə tanınan Azərbaycan şanlı zəfərdən sonra özünün keyfiyyətcə yeni və yüksək inkişaf mərhələsini yaşayır.
"Report" xəbər verir ki, bunu Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən 31-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "Baku Build" və 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2026") bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin, şəhid və qazilərimizin canı, qanı hesabına qazanılmış zəfərimiz, xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası özündə bir çox yeni imkanlara yol açıb: "Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti nəticəsində çox qısa müddət ərzində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramına əsasən, soydaşlarımızın öz yurd-yuvalarına qayıtması mərhələli şəkildə təmin edilməkdədir. İndi onlar öz əzəli torpaqlarında firavan və dayanıqlı həyat sürməyə başlayıblar".
O bildirib ki, İşğaldan azad olunmuş ərazilərin müasir infrastruktura malik yaşayış məkanına çevrilməsi, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və rahat qayıdışının, eləcə də dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə yol, nəqliyyat, təhsil, enerji, rabitə və digər sahələr üzrə infrastruktur qurulur, yeni yaşayış məhəllələri inşa olunur: "2026-cı ilin ölkəmizdə "Şəhərsalma və memarlıq ili" elan edilməsi baxımından bu il təşkil olunan "Rebuild Karabakh" sərgisi xüsusi məna daşıyır. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulduğu bir vaxtda şəhərsalma, memarlıq, tikinti və infrastruktur sahələrində müasir təcrübənin öyrənilməsi, yeni texnologiyaların təqdim olunması və peşəkar fikir mübadiləsi xüsusilə əhəmiyyətlidir. Bu mənada sözügedən sərgi müxtəlif ölkələrdən olan şirkətləri, mütəxəssisləri və işgüzar dairələri bir araya gətirməklə yeni ideyaların və əməkdaşlıqların yaranması üçün əlverişli imkan yaradır. İnanıram ki, artıq 6-cı dəfə təşkil olunan, Qarabağın bərpasına həsr olunmuş ilk ixtisaslaşmış "Rebuild Karabakh" sərgisi özəl sektor və dövlət tərəfdaşlığını möhkəmləndirəcək, səmərəli biznes platformasının qurulmasına imkan yaradacaq".