Litva dron insidentindən sonra Belarusa nota təqdim edəcək
- 15 sentyabr, 2026
- 16:01
Litva Belarusdan ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatı ilə bağlı insidentə görə Minskə nota təqdim edəcək və müttəfiqləri ilə məsləhətləşmələr aparacaq.
"Report"un Litvanın LRT telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Kestutis Budris bildirib.
Onun sözlərinə görə, hava məkanının pozulması halları baş verdikdə Litva nota hazırlayır və onu uçuş aparatının və ya digər obyektin gəldiyi ölkəyə təqdim edir.
"Bu halda biz Belarusdan danışırıq", - K.Budris qeyd edib.
Müttəfiqlər arasında məsləhətləşmələri nəzərdə tutan Şimali Atlantika Alyansının 4-cü maddəsinin mümkün aktivləşdirilməsi ilə bağlı sualı cavablandıran K.Budris bildirib ki, ilk növbədə insidentin araşdırılmasını başa çatdırmaq lazımdır. Onun sözlərinə görə, hazırda hər hansı fövqəladə tədbirlərə ehtiyac yoxdur.
Qeyd edək ki, sentyabrın 15-nə keçən gecə Litvanın hava məkanına daxil olan pilotsuz uçuş aparatı vurulub.