Cəlilabadda Gənclər Günü qeyd olunub - VİDEO

Daxili siyasət
  • 01 fevral, 2020
  • 16:29
Cəlilabadda Gənclər Günü qeyd olunub - VİDEO

Cəlilabad rayonunda 2 fevral - Gənclər Günü qeyd olunub.

“Report”un Muğan bürosu xəbər verir ki, tədbir Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, tələbələr, rayonun fəal gəncləri iştirak ediblər.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov çıxış edərək, gəncləri qarşıdan gələn bu əlamətdar gün münasibətilə təbrik edib və qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi dövlətin gənclər siyasətində də ciddi dönüş yaradıb. 

Gənclərlə işin sistemli şəkildə təşkil edilməsi, onların demokratik və hüquqi dövlət quruculuğuna cəlb olunması məqsədilə 1994-cü ilin iyul ayında Gənclər və İdman Nazirliyi yaradılıb. 1996-cı il fevralın 2-də gənclərin I forumu keçirilib və fevralın 2-si “Gənclər günü” elan edilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin gənclərə və idmanın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər.

Daha sonra Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynovun 2019-cı ilin yekunlarına həsr olunmuş hesabatı dinlənilib. Tədbirdə 2019-cu ildə müxtəlif sahələrdə fərqlənən gənclərə rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunub.Tədbir konsert proqramı ilə davam edib.

Cəlilabadda Gənclər Günü qeyd olunub - VİDEO