"Mərkəzi Asiya-Yaponiya 2040" əməkdaşlıq strategiyası hazırlana bilər
- 20 dekabr, 2025
- 10:19
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Tokioda "Mərkəzi Asiya+Yaponiya" dialoqunun birinci sammitində iştirak edib və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün bir sıra təşəbbüslər irəli sürüb.
"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ş.Mirziyoyev "Mərkəzi Asiya-Yaponiya 2040" əməkdaşlıq strategiyasının hazırlanmasını təklif edib.
O qeyd edib ki, bu strategiyaya regionun davamlı inkişafına və qlobal iqtisadi proseslərə daha dərin inteqrasiyasına yönəlmiş konkret proqram və layihələr daxil edilməlidir.
Özbəkistan lideri uzunmüddətli əməkdaşlıq gündəliyinin formalaşdırılması üçün aparıcı analitik mərkəzlərin iştirakı ilə ekspert forumunun təsis edilməsini təklif edib və Daşkəndin bu forumun ilk iclasına ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.
Ticarət-iqtisadi əməkdaşlığa toxunan Ş.Mirziyoyev Yaponiyanın maliyyə qurumlarının artan dəstəyini alqışlayıb. O, Mərkəzi Asiyanın təbii və insan resurslarının Yaponiyanın sənaye və texnoloji potensialı ilə birləşdirilməsinin sinerji yaradacağına əminliyini ifadə edib. Bu baxımdan prezident Mərkəzi Asiyada İnfrastruktur və Sənayenin İnkişafı üçün İnvestisiya Fondunun, eləcə də Yaponiya Texnologiya Parklarının Mərkəzi Asiya şəbəkəsinin yaradılmasını təklif edib.
Özbəkistan Prezidenti həmçinin "Mərkəzi Asiya-Yaponiya" Rəqəmsal Mərkəzinin yaradılmasını təklif edib. Bu platforma süni intellekt, əşyaların interneti və kibertəhlükəsizlik sahəsində layihələri birləşdirə bilər.
Ş.Mirziyoyev regionun tranzit-logistika infrastrukturunun inkişafına, o cümlədən sürətli dəmir və avtomobil yollarının, hava limanlarının və logistika mərkəzlərinin tikintisinə Yaponiya investisiyaları və texnologiyalarının cəlb edilməsində maraqlı olduqlarını bildirib.
Sammitin yekunları üzrə Tokio Bəyannaməsi qəbul edilib.
Mərkəzi Asiya ölkələrinin dövlət başçıları və Yaponiyanın Baş naziri növbəti sammitin Qazaxıstanda keçirilməsi qərarına gəliblər.