Azərbaycandan daha iki ölkəyə kassa aparatı ixracına başlanılıb
- 28 dekabr, 2022
- 11:48
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycan xaricdən 10,1 milyon ABŞ dolları dəyərində 51 min 803 ədəd kassa aparatı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 49 % çoxdur.
Çindən 8,346 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 70 % artıb) 50 min 659 ədəd (+56 %), Rusiyadan 1,194 milyon ABŞ dolları dəyərində (-61 %) 510 ədəd (-68 %), Macarıstandan 240,35 min ABŞ dolları dəyərində (+4 dəfə) 283 ədəd (+3,7 dəfə), Almaniyadan 134,98 min ABŞ dolları dəyərində 18 ədəd (1 il 1 aydan sonra tədarük bərpa edilib), Tayvandan 88,5 min ABŞ dolları dəyərində (+6,2 dəfə) 152 ədəd (+13 dəfə) cihaz gətirilib.
Hesabat dövründə Azərbaycan 38,21 min ABŞ dolları dəyərində (-40,6 %) 71 ədəd (-89 %) kassa aparatı ixrac edib.
Çinə 37,98 min ABŞ dolları dəyərində (+90 dəfə) 66 ədəd (+22 dəfə), Gürcüstana 0,15 min ABŞ dolları dəyərində 3 ədəd və Honkonqa 0,08 min ABŞ dolları dəyərində 2 ədəd kassa aparatı göndərilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Gürcüstana və Honkonqa tədarük həyata keçirilib.
Qeyd edək ki, ötən il Azərbaycanın ixrac etdiyi (7 ölkəyə) 629 ədəd kassa aparatının 79,5 %-i İspaniyanın payına düşüb.