Siyasi analitik: “Bakı vasitəçilik üçün ehtiyat aerodrom hazırlayır”
- 18 oktyabr, 2023
- 08:29
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bakı vasitəçilik üçün artıq ehtiyat aerodrom hazırlayır”.
Bunu “Report”a müsahibəsində Topçubaşov Mərkəzinin rəhbəri, siyasi analitik Rusif Hüseynov deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında 30 illik danışıqlar zamanı ən səmimi vasitəçi olub: "Bunun da yeganə səbəbi Avropa İttifaqının geosiyasi oyunçu olmamasıdır. Rusiya, ABŞ, Fransa kimi öz vasitəçilik xidmətini təklif edən qüvvələrin hər birinin regionla bağlı geosiyasi maraqları olub. Ona görə də onların vasitəçiliyində həmişə müəyyən qərəz olub. Ancaq Avropa İttifaqının faktiki geosiyasi ambisiyası yoxdur. Sadəcə olaraq, qonşuluqda yerləşən regionda sabitlik və sakitliyin təmin olunmasına çalışırlar. Bəzi danışıqlar isə məhz Aİ Şurasının Prezidenti Şarl Mişelin nüfuzundan qaynaqlanır. Bu prosesi o aparır. Amma gələn il Şarl Mişeli başqa bir şəxs əvəz edəcək. Həmin şəxsin hansı siyasi baxışa malik olacağı, regionla bağlı strateji baxışı, loru dildə desək, hansı ölkənin adamı olacağı böyük maraq doğurur. Çünki bütün bunlar danışıqlar prosesinə təsir edə bilər. Bəlkə də, bunu nəzərə alaraq Bakı artıq ehtiyat bir "aerodrom" hazırlayır”.
Siyasi analitik bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Qərb ölkələrindən birində imzalansa, bu, Kremlin narazılığına səbəb olacaq: “Bu narazılığı əvvəldən duymaq ona görə mümkündür ki, hər Brüssel və Vaşinqton görüşündən sonra Moskva görüşü olur. Ancaq Moskva formatı ilə nəyəsə nail olmaq hazırda real görünmür. Çünki Ermənistanın hazırda Rusiya ilə münasibətləri çox aşağı səviyyədədir. Güman ki, İrəvan Moskvanın vasitəçiliyi çərçivəsində nəyəsə nail olmaq istəməyəcək”.
Rusif Hüseynov ehtiyat aerodromun isə Gürcüstanın timsalında ortaya çıxacağını diqqətə çatdırıb: “Prezident İlham Əliyevin Gürcüstana son səfəri zamanı verdiyi açıqlamalar da onu göstərir ki, Azərbaycan yeni bir vasitəçilik mexanizmi ortaya qoyur. Bu mexanizmin mahiyyəti odur ki, Cənubi Qafqazla bağlı məsələ elə Cənubi Qafqazda həll olunsun. Nəzərə almaq lazımdır ki, Tbilisi hər zaman Cənubi Qafqazın siyasi-ictimai həyatında böyük rol oynayıb. Son 25-30 ildə də vətəndaş cəmiyyətləri, sülh aktivistləri, qeyri-hökumət təşkilatları arasındakı kommunikasiyanın əsas baş verdiyi məkan Tbilisi olub. İndi təsəvvür edin ki, artıq hökumətlər də bu məkandan istifadə etməyə başlayırlar. Bu mənə təəccüblü görünməyəcək. Gürcüstan tərəfinin də buna marağı var, ancaq yenə də top Ermənistan tərəfdə qalır. Sona qədər əmin deyiləm ki, Ermənistan Fransanın və ABŞ-nin, ümumiyyətlə, özü üçün müttəfiq hesab etdiyi ölkələrin iştirakı olmadan Azərbaycanla tet-a-tet müzakirələrə gedəcək, yoxsa yox. Paşinyan özündə bu gücü tapsa, onda hansısa praktiki nəticələrdən danışa bilərik”.
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.