Qlobal Cənub QHT Platformasının işə salınması BMT-də yüksək qiymətləndirilib
- 20 may, 2026
- 12:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Qlobal Cənub QHT Platformasının işə salınması Azərbaycanın Cənub-Cənub əməkdaşlığının inkişafında rolunun möhkəmlənməsinə töhfə verir.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Cənub-Cənub Əməkdaşlığı İdarəsinin direktoru Dima əl-Xatib Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) çərçivəsində jurnalistlərə bildirib.
"Burada, Bakıda olmaq və Qlobal Cənub QHT Platformasının işə salınmasının şahidi olmaq mənim üçün böyük şərəfdir. Bu, Azərbaycanın Cənub-Cənub və üçtərəfli əməkdaşlıq sahəsində mövqelərini gücləndirən mühüm təşəbbüsdür. Bu, ölkənin sözügedən istiqamətdə ilk addımı deyil, lakin platformanın əhəmiyyəti xüsusilə böyükdür, çünki o, bütün Qlobal Cənubdan olan qeyri-hökumət təşkilatlarının səslərini birləşdirir", - o bildirib.
Əl-Xatibin sözlərinə görə, bu cür strukturlar qlobal gündəliyin təşviqi zamanı icmaların, o cümlədən ən az inkişaf etmiş, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin, dənizə çıxışı olmayan ölkələrin, eləcə də orta gəlirli dövlətlərin maraqlarını təmsil edə biləcəklər.
"Biz onlarla, o cümlədən Cənub-Cənub və üçtərəfli əməkdaşlıq üzrə Qlobal Alyansımız vasitəsilə sıx əməkdaşlıq etmək niyyətindəyik", - deyə UNOSSC-nin rəhbəri vurğulayıb.