Azərbaycanın dəstəyi ilə Keniyada Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

Xarici siyasət
  • 01 noyabr, 2025
  • 15:56
Azərbaycanın dəstəyi ilə Keniyada Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə Keniyanın paytaxtı Nayrobidə Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə "Report"a Azərbaycanın Keniyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, mərkəz gənclərin bacarıqlarının və cəmiyyətdə rolunun artırılması, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi, eləcə də uğurlu karyera qurmaları üçün səyləri dəstəkləmək məqsədini daşıyır.

Mərkəzin noyabrın 1-də "Beynəlxalq Gənclər Şəbəkəsi" İctimai Birliyi və Keniya Xüsusi Təlim-Tədris İnstitutunun təşkilatçılığı ilə açılış mərasimi olub. Tədbirdə layihənin təşəbbüskarı, "Beynəlxalq Gənclər Şəbəkəsi" İctimai Birliyinin təsisçi himayədarı, Keniya Prezidentinin qızı Şarlin Ruto, AİDA-nın direktoru Elməddin Mehdiyev, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, habelə ictimai xadimlər və gənclər iştirak ediblər.

Ş.Ruto çıxışında Gənclərin Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. O, bu cür layihələrin, eləcə də "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində keniyalı gənclərə verilən təqaüdlərin xalqlar arasında dostluq və tərəfdaşlıq bağlarının güclənməsinə mühüm töhfə olduğunu diqqətə çatdırıb.

E.Mehdiyev Azərbaycanın bu layihəyə dəstəyinin, habelə təhsil təqaüdləri və Keniyada həyata keçirilmiş digər humanitar və inkişafa yardım məqsədli layihələrin Azərbaycan və Keniya arasında inkişaf edən münasibətlərin tərkib hissəsi olduğunu bildirib.

S.Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin keniyalı həmkarı Uilyam Samoei Ruto ilə cari il sentyabrın 23-də BMT Baş Assembleyası çərçivəsində keçirilən görüşün siyasi əhəmiyyətini vurğulayıb. O, AİDA xətti ilə reallaşan layihələrlə yanaşı, Heydər Əliyev Fondunun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi çərçivəsində Nayrobi tam orta məktəbinə və ölkənin bir neçə xəstəxanasının yeni doğulan uşaqlar bölməsinə texniki təchizat yardımı göstərildiyini qeyd edib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib, müxtəlif istiqamətlər üzrə, o cümlədən humanitar sahədə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti