Elmar Qasımov: Ötən illərlə müqayisədə bu gün diplom əldə etmək hələ iş tapmaq demək deyil
- 16 noyabr, 2026
- 12:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Əvvəlki illərlə müqayisədə bu gün diplom əldə etmək, hələ iş yeri tapmaq demək deyil.
"Report" xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov "Milli Məşğulluq Forumu" çərçivəsində keçirilən "Müasir əmək bazarı: rəqəmsalkaşma, innovativ təhsil və dayanıqlı məşğulluq" adlı panel sessiyada deyib.
Onun sözlərinə görə, müasir dünyada gənclərin qarşısındakı ən böyük vəzifələrdən biri karyeranın qurulmasıdır:
"Bu prosesdə ən böyük amillərdən biri universitetlərin üzərinə düşən yükdür. Əvvəllər diplom əldə edildisə, deməli, iş yeri var idi. Lakin bu gün vəziyyət dəyişib. Diplom hələ iş yeri əldə etmək demək deyil. Diplom ali təhsili təsdiq edən sənəd olsa da, onu əldə etdikdən sonra iş tapmaq uğrunda mübarizə gedir. Bəzi araşdırmalar göstərir ki, top universitetlərin məzunları təxminən 6 ay sonra iş tapa bilirlər. Bu gün universitetlərin əsas göstəricilərindən biri budur. Dünyada 22 mindən çox universitet var. Bizdə universitetlə tanışlıq zaman ilk sual müəllim və şagird sayı ilə bağlı olur. Amma sual olunmur ki, məzunların neçə faizi iş tapıb. Bunu universitetlər etməli və cəmiyyətə bu barədə məlumat verməlidirlər".
Rektor əlavə edib ki, tələbələr artıq I kursdan praktiki işlərlə məşğul olmalıdırlar:
"Təcrübə göstərir ki, təhsil müddətində praktikaya gedən tələbələrin iş tapması daha rahat olur. Ali məktəblərdə karyera və məzunlar mərkəzləri formal yox, real işi təmin etməlidir. Bu mərkəzlərə də böyük dəstək, məsələn, beynəlxalq təcrübənin universitetə gətirilməsi, təlimlərin keçirilməsi və s. lazımdır. Bundan başqa, universitetlərdə yeni və müasir tələbələrə cavab verən ixtisasların açılması zəruridir".