Azərbaycanda növbəti 5 ildə qızıl hasilatının iki dəfədən çox artacağı proqnozlaşdırılır
- 30 mart, 2023
- 08:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkəti növbəti 5 il ərzində qızıl hasilatını iki dəfədən çox artırmağı palnlaşdırır.
Bu barədə “Report” şirkətə istinadən xəbər verir.
Şirkətin 2024-2028-ci illər üçün hazırladığı strateji artım planına əsasən, 2023-cü ildə Azərbaycanda qızıl hasilatı 50-54 min unsiya civarında olacağı proqnozlaşdırılır. 2024 və 2025-ci illərdə isə ölkədə qızıl istehsalı 29,6-38,9 % artaraq 70-75 min unsiya olacağı nəzərdə tutulur.
Plana əsasən, 2026 və 2027-ci illər ərzində isə Azərbaycanda qızıl hasilatı 115-125 min unsiya təşkil edəcək ki, bu da daha əvvəlki hasilat proqnozu ilə müqayisədə 53,3-66,6 % çoxdur.
2028-ci ildə isə şirkətin qızıl hasilatı 175 min unsiyaya çatdırılması planlaşdırılır ki, bu da, daha öncəki illərlə müqayisədə 52,2-40 % çoxdur.
Xatırladaq ki, hasilatın artımının Azərbaycanda dörd yeni mədənin ardıcıl açılışı nəticəsində təmin ediləcək. Şirkət hasil etdiyi qızılın bir unsiyasının 1 650 ABŞ dollarına satılmasına hesablanıb.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.