Vicita Herat: Şri-Lanka AQEM-i dialoq üçün unikal platforma hesab edir
- 15 oktyabr, 2026
- 15:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Şri-Lanka Asiya regionunda sülhün, təhlükəsizliyin və rifahın möhkəmləndirilməsinə xidmət edən dialoq, məsləhətləşmələr və konsensus əsasında qərarların qəbulu üçün AQEM-i unikal ümumasiya platforması hesab edir.
"Report" xəbər verir ki, bu barədə Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə deyib.
"Biz indiki sammitın (Bakıda keçirilən - red.) qarşılıqlı əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişafa həsr olunmuş mövzusunu tam dəstəkləyirik. Hind Okeanında ada dövləti olaraq Şri-Lanka regional qarşılıqlı əlaqəliliyə, ticarət prosedurlarının sadələşdirilməsinə və rəqəmsal transformasiyaya xüsusi əhəmiyyət verir. Dəniz daşımalarının və rəqəmsal əlaqələrin inkişafı iqtisadi inteqrasiyanı gücləndirə, imkanları genişləndirə və regionumuzun dayanıqlılığını artıra bilər", - nazir deyib.
O, həmçinin qlobal gərginliyin AQEM-in üzv dövlətlərinin təhlükəsizliyinə təsir göstərdiyini qeyd edib.
"Əminik ki, Bakı sammiti Asiya ölkələrinin liderlərinə xalqlarımızı birləşdirən çoxminillik mədəni əlaqələrə əsaslanaraq dialoqa başlamaq, etimadın möhkəmləndirilməsi üçün tədbirlər görmək, fikir ayrılıqlarını aradan qaldırmaq və tərəfdaşlıq münasibətlərini gücləndirmək üçün unikal imkan yaradacaq. AQEM tamhüquqlu beynəlxalq təşkilata çevrilmək istiqamətində irəlilədikcə, Şri-Lanka üzv dövlətləri ümumi öhdəlikləri xalqlarımızın hamısına fayda verəcək konkret nəticələrə çevirməyə çağırır", - Herat əlavə edib.
Onun sözlərinə görə, Şri-Lanka etimad tədbirlərinin gücləndirilməsi, regional əməkdaşlığın dərinləşdirilməsi və Asiyada sülhün, təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsinə kömək göstərilməsi üçün digər iştirakçı dövlətlərlə konstruktiv qarşılıqlı əlaqəyə hazırdır.