Avropa Komissiyası "Black Sea Energy"yə "qarşılıqlı maraq doğuran layihə" statusu verib

Region
  • 02 dekabr, 2025
  • 09:53
Avropa Komissiyası Black Sea Energyyə qarşılıqlı maraq doğuran layihə statusu verib

Avropa Komissiyası rəsmi olaraq "Qara dəniz Enerji Kabeli" ("Black Sea Energy") layihəsinə Qarşılıqlı maraq doğuran layihə ( PMI - "Project of Mutual Interest") statusu verib.

Bu barədə "Report" Avropa İttifaqına istinadən xəbər verir.

Xatırladaq ki, 2025-ci il martın 10-da Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa İttifaqının enerji üzrə komissarı Dan Yorgensenə məktub göndərərək "Black Sea Energy" layihəsinə PMİ statusu verilməsini xahiş ediblər.

PMI layihələri sürətləndirilmiş inzibati prosedurlar, xüsusi hüquqi baza, transsərhəd tənzimləmə uyğunluğu, Aİ maliyyələşdirilməsini əldə etmək imkanı (PCI layihələrindən fərqli olaraq zəmanətli deyil), həmçinin investorların etimadını artıran daha yüksək şəffaflıq və nüfuzdan istifadə edir.

Ümumilikdə Avropa Komissiyası 2025-ci il dekabrın 1-də 235 sərhədlərarası enerji layihəsinə ortaq maraq doğuran layihə (PCI) və qarşılıqlı maraq doğuran layihə (PMI) statusu verib. Seçilmiş PCI və PMI siyahısına elektrik enerjisi, dəniz qurğuları və ağıllı elektrik şəbəkələri sahəsində 113 layihə daxildir. Bunlar bərpa olunan enerji mənbələrinin artan payının inteqrasiyası üçün həlledici əhəmiyyət daşıyacaq.

2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında 1 195 km uzunluğunda "Black Sea Energy" sualtı elektrik kabelinin çəkilməsi üzrə strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Bolqarıstan 2023-cü ilin iyun ayında layihəyə qoşulmaq niyyətində olduğunu açıqlayıb.

2024-cü ilin mayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları "Black Sea Energy" layihəsinin həyata keçirilməsi çərçivəsində birgə müəssisənin yaradılması haqqında memorandum imzalayıb. Sentyabrda dörd ölkənin enerji operatorları - "AzərEnerji" ASC, "Transelectrica SA", "Gürcüstan Dövlət Elektrosistemi" və MVM arasında bu layihəni həyata keçirəcək "Green Energy Corridor" birgə müəssisəsinin təsis edilməsi haqqında səhmdar müqaviləsi imzalanıb.

Birgə müəssisənin təsisçi tərəfdaşları "Transelectrica (Rumıniya), "Georgian State Electrosystem" (Gürcüstan), "AzərEnerji" (Azərbaycan) və "MVM Energy" (Macarıstan) şirkətləridir.

İlkin mərhələdə kabel 4 QVt "yaşıl enerji"nin ixracı üçün nəzərdə tutulacaq.

"Qara dəniz enerji kabeli"nin tikintisi 3,5 milyard avro dəyərində qiymətləndirilir və 3-4 il çəkəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti