Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini altı ay uzadıb

Region
  • 19 dekabr, 2016
  • 14:16
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini altı ay uzadıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) gələn il yanvarın sonunda başa çatacaq Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha altı ay uzadıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Aİ-nin bəyannaməsində bildirilib ki, Avropa Şurası ölkələrinin dövlət və hökumət başçılarının bu il dekabrın 15-də baş tutan iclasında Minsk sazişlərinin yerinə yetirilməsini qiymətləndirdikdən sonra Rusiyaya qarşı sanksiyaların müddətinin daha 6 ay - 2017-ci il iyulun 31-dək artırılmasına qərar verilib. Məlumata görə, Avropa Şurası bu gün qərarı yazılı qaydada qəbul edib.

Xatırladaq ki, Avropa İttifaqının Rusiyaya qarşı iqtisadi sanksiyaları 2014-cü il avqustun 1-dən tətbiq edilir. Elə həmin ilin sentyabr ayında sanksiyaların müddəti uzadılıb. Məhdudlaşdırıcı tədbirlərə Aİ-dən Rusiyaya silah-sursat, eləcə də ikili təyinatlı mallar və texnologiyaların ixrac və ya idxal üzrə yeni müqavilələr bağlanmasına embarqo daxildir.