Firdavs Abduxalikov: İslam sivilizasiyasının səsi elm və təhsildir

Media
  • 25 avqust, 2026
  • 10:35
Firdavs Abduxalikov: İslam sivilizasiyasının səsi elm və təhsildir

Tarix muzey vitrinlərində qalmamalıdır - o, gələcək nəsillər üçün yeni bilik, ideya və kəşflər mənbəyinə çevrilməlidir.

"Report"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abduxalikov "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" adlı beynəlxalq media forumun açılış mərasimində bildirib.

"Tarix danışmalıdır. Mədəni irs insanlarla dialoqa girməlidir. Keçmiş bugünkü nəsli yeni kəşflərə ruhlandırmalıdır", - o qeyd edib.

Abduxalikovun sözlərinə görə, tarixi sadəcə öyrənmək kifayət deyil - onun verdiyi dərsləri dərk etmək və müasir medianın köməyi ilə dünya auditoriyasına bu barədə danışmaq lazımdır.

O vurğulayıb ki, məhz bu məqsədlə forum tarix, elm, mədəni irs və müasir kütləvi informasiya vasitələrini birləşdirərək xalqlar və sivilizasiyalar arasında dialoq üçün yeni imkanlar yaradır.

Abduxalikov Özbəkistanın zəngin tarixi və elmi irsinin beynəlxalq auditoriyaya təqdim olunmasını mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri adlandırıb.

"Gəlin birlikdə İslam sivilizasiyasının əsl səsini bütün dünyaya çatdıraq. Bu, elm və maarifin, sülhün, tolerantlığın və humanistliyin səsidir", - Mərkəzin direktoru bildirib.

Abduxalikov həmçinin bildirib ki, Mərkəz "Euronews", BBC və digər beynəlxalq mediaşirkətlərlə Özbəkistanın tarixi, mədəniyyəti və irsinə həsr olunmuş layihələr çərçivəsində əməkdaşlıq edir.

Onun sözlərinə görə, bu əməkdaşlığın mühüm nəticəsi yeni sənədli filmlər, televiziya proqramları, xüsusi medialayihələr və jurnalistlərin, alimlərin, mədəniyyət müəssisələri nümayəndələrinin birgə təşəbbüsləri olmalıdır.

44 - Tezliklə