IFC Azərbaycan üçün iqlim maliyyələşdirməsinin həcmini açıqlayıb
- 03 mart, 2025
- 19:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 2029-cu ilədək maliyyə vasitəçilərinin dəstəyi ilə Azərbaycanda iqlim maliyyələşdirməsinə 60 milyon ABŞ dolları yönəltməyi planlaşdırır.
Dünya Bankından (DB) “Report”a bildirilib ki, DB Qrupu rahat və ekoloji təmiz şəhər mühitinin yaradılmasına yönəlmiş "Yaşamaq üçün rahat şəhərlər" proqramı çərçivəsində dayanıqlı şəhərlərin inkişafına dəstək verəcək.
Proqrama "yaşıl" və dayanıqlı şəhər infrastrukturunun inkişafı, neft məhsulları ilə çirklənmiş ərazilərin təmizlənməsi də daxil olmaqla ictimai məkanların abadlaşdırılması, həmçinin təbii fəlakətlərə və iqlim dəyişikliklərinə dayanıqlı yaşayış sahələri və ictimai binaların tikintisi daxildir. Bundan əlavə, su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi, təmiz, əlçatan və "ağıllı şəhər" mobilliyi üçün həllərin tətbiqi planlaşdırılır.
Paralel olaraq Dünya Bankı suvarma da daxil olmaqla rəqabətqabiliyyətli və dayanıqlı kənd təsərrüfatının inkişafına dəstək verəcək. Xüsusilə iqlimə davamlı aqrotexnologiyaların, adaptasiya tədbirlərinin və su ehtiyatlarından səmərəli istifadə üçün stimulların tətbiqi planlaşdırılır. IFC özəl sektorda iqlim layihələrinin maliyyələşdirilməsi imkanlarını axtaracaq, o cümlədən dövlət-özəl tərəfdaşlığı mexanizmləri vasitəsilə fermerləri, aqrar biznesi və enerji səmərəli mənzil tikintisini, dəstəkləyəcək. İctimai nəqliyyatın təkmilləşdirilməsi hesabına istixana qazı emissiyalarının azaldılmasına xüsusi diqqət yetiriləcək.
Dünya Bankı həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) milli su strategiyasının həyata keçirilməsi üzrə konsultativ yardım da daxil olmaqla, su təhlükəsizliyi və adaptasiya sahəsində analitik və investisiya dəstəyi imkanlarını araşdırır. Bununla yanaşı, su təchizatı və çirkab suların təmizlənməsi sahəsində dövlət-özəl tərəfdaşlığı layihələri üçün özəl maliyyənin cəlb edilməsi üzrə tədbirlər nəzərdən keçirilir. Əlavə olaraq Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi (MIGA) iqlim dəyişikliyinə uyğunlaşma təşəbbüslərini dəstəkləmək üçün Dünya Bankının Zəmanət platformasının alətlərindən istifadə etməyi planlaşdırır.
Dünya Bankının daha bir fəaliyyət istiqaməti Xəzər dənizi akvatoriyasının ekoloji cəhətdən dayanıqlı idarə edilməsinin təkmilləşdirilməsi, eləcə də əlavə analitik və investisiya dəstəyi imkanlarının təhlili ilə bağlı olacaq.
Əldə edilmiş nəticələr dayanıqlı mənzil və ictimai binaların əlçatanlığının yaxşılaşdırılması, "yaşıl" və dayanıqlı şəhər infrastrukturunun inkişafı, su təchizatı və sanitariya sistemlərinin səmərəliliyinin artırılması, həmçinin məhsuldarlığın artması və modernləşdirilmiş suvarma və drenaj sistemlərinə malik kənd təsərrüfatı sahələrinin genişləndirilməsi kimi göstəricilər əsasında qiymətləndiriləcək.