“Effektinvest” BOKT-un xalis mənfəəti 11 % artıb
- 07 may, 2025
- 16:12
Yeniliklərdən dərhal xəbərdar olun!
“Effektinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 202 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 11 % çoxdur.
Ötən il “Effektinvest”in vergiyəqədərki mənfəəti 253 min manat (11,5 % çox), mənfəət vergisi ödəmələri isə 51 min manat (13,3 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Effektinvest”in aktivləri 2,996 milyon manat olub ki, bu da illik müqayisədə 38,1 % çoxdur. Bunun 2,251 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 73,6 % böyüyüb.
Hesabat dövründə “Effektinvest”in öhdəlikləri 67,2 % artaraq 1,652 milyon manata, balans kapitalı isə 13,8 % artaraq 1,345 milyon manata çatıb.
Xatırladaq ki, “Effektinvest” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un təsisçiləri 51 % payla Fərid Köçərli, 47,5 % payla Şirin Cavadov və 1,5 % payla Elçin Niftiyevdir.