Dünya Bankı: "Azərbaycanın enerji sektoru 12 % böyüyüb"
- 10 dekabr, 2021
- 11:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin sentyabr ayındakı 13,7 % illik artımla müqayisədə Azərbaycan iqtisadiyyatı oktyabrda 5,8 % (ötən ilin eyni ayına nisbətən) böyüyüb.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının “Azerbaıjan Monthly Economıc Update– November 2021” hesabatında bildirilib.
Sənədə əsasən, enerji sektoru yüksək qlobal enerji tələbi və OPEC+ neft hasilatının kvotalarının davamlı yumşaldılması ilə dəstəklənərək illik 11,7 % artıb. Qeyri-enerji sektorunda illik artım isə oktyabrda 3,4 % olub, halbuki, bu göstərici əvvəlki ayda 9,5 % olub.
İqtisadi böyümə emal sənayesindəki (illik 24,4 % artım), nəqliyyatda (illik 15,2 % artım), pərakəndə ticarətdə (illik 7,3 % artım), İKT sahəsində (illik 4,8 % artım) və qonaqlama sektoru da daxil olmaqla xidmətlər sektorundakı davamlı artımla dəstəklənib.
Bununla yanaşı, tikinti və kənd təsərrüfatı sektorları oktyabr ayında illik müvafiq olaraq 32,5 % və 6,2 % azalıb ki, bu da qeyri-enerji sektorlarında ümumi artımı aşağı salıb.
Özəl qeyri-enerji investisiyalarındakı kəskin illik azalmanın təsiri ilə oktyabrda iqtisadiyyata ümumi investisiya qoyuluşu illik 30,3 % azalıb.
"Buna qarşı, oktyabrda kiçik ödənişlərdə (aylıq 14,3 % kəskin artım) və kredit və debet kartları ilə əməliyyatlarında (aylıq artım 2,9 % artım) artım istehlakın genişlənməsini göstərir", - Dünya Bankı bildirir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 71 milyard 589 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 %, qeyri neft-qaz sektorunda isə 5,9 % artıb.
ÜDM istehsalının 40,8 %-i sənaye, 10,3 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5 %-i tikinti, 1,8 %-i informasiya və rabitə, 1,2 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,9 %-ni təşkil edib.
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 21,9 % artaraq 7 148 manat olub.