“Atəşgah Sığorta”nın xalis mənfəəti kəskin artıb
- 04 aprel, 2025
- 11:33
Yeniliklərdən dərhal xəbərdar olun!
“Atəşgah Sığorta” ASC 2024-cü ili 3,355 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ili 7,7 dəfə çoxdur.
Ötən il “Atəşgah Sığorta”nın gəlirləri 69,654 milyon manat (əvvəlki ilə nisbətən 81,6 % çox), xərcləri 65,460 milyon manat (73,1 % çox), mənfəət vergisi ödəmələri isə 839 min manat (7,7 dəfə çox) təşkil edib.
Bu ilin yanvarın 1-nə “Atəşgah Sığorta”nın aktivləri 82,077 milyon manat olub ki, bu da illik müqayisədə 44 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 59,3 % artaraq 63,96 milyon manata, balans kapitalı isə 7,6 % artaraq 18,117 milyon manata çatıb.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manat təşkil edir. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.