Dövlətxan Dövlətxanov: "Şəhərsalma layihələrimizi beynəlxalq ictimaiyyət diqqətlə izləyir"
- 14 oktyabr, 2026
- 10:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərini və şəhərsalma layihələrini beynəlxalq ictimaiyyət diqqətlə izləməkdədir.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov Xəzər İnşaat Həftəsi çərçivəsində Bakıda keçirilən 31-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "Baku Build" və 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2026") bildirib.
"Bu il ölkə rəhbərinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdışla bağlı I Dövlət Proqramı başa çatır. Artıq 100 minə yaxın adam bu ərazilərdə yaşayır və hazırda II Dövlət Proqramı hazırlanır. Beynəlxalq tərəfdaşların iştirakı və komitənin təşkilatçılığı ilə 2020-ci ildən başlayaraq mütəmadi olaraq ölkəmizdə, xüsusən də işğaldan azad edilmiş ərazilərimizdə geniş bərpa-quruculuq işlərinə həsr edilmiş milli şəhərsalma forumları keçirilir. Bu il isə şəhərsalma sahəsində daha böyük tədbir keçirilib. Bildiyiniz kimi, bu il Prezident "Şəhərsalma və Memarlıq İli" elan edib və may ayında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası keçirilib. Bu tədbirdə 176 ölkədən 58 min dövlət və özəl sektor nümayəndələri, sahə mütəxəssisləri, beynəlxalq ekspertlər və digər maraqlı tərəflər iştirak edib. Forumda şəhərsalma üzrə müxtəlif mövzularda geniş fikir mübadiləsi aparılmış, bu sahədə müasir çağırışlar və gələcək perspektivlər müzakirə edilib", - deyə o qeyd edib.
Sədr müavininin sözlərinə görə, dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb və ölkə müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən sərgilərin keçirilməsi üçün əlverişli məkana çevrilib: "Bu sərgi innovativ tikinti məhsulları, yeni inşaat materialları və məmulatları, müasir tikinti avadanlıqları ilə yaxından tanış olmaq baxımından yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platforması hesab edilir. Əminəm ki, burada nümayiş olunan sahəvi yeniliklər və innovativ yanaşmalar sahə peşəkarları, layihəçilər, həmçinin bütün digər sərgi iştirakçıları üçün maraqlı və faydalı olacaq".