Pərviz Şahbazov: "Yaşıl enerji" layihələrinin reallaşdırılmasında rəqabətli seçimə önəm verilib"
- 14 oktyabr, 2026
- 10:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda "yaşıl enerji" layihələrin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.
Onun sözlərinə görə, 2032-ci ilə qədər Azərbaycanda təxminən 8 gigavat günəş və külək enerjisi gücünün yaradılması planlaşdırılır: "Bu layihələrin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib. 2024-cü ildə COP29 çərçivəsində keçirilən Azərbaycanın ilk bərpa olunan enerji hərracının qalibi olan Çinin "Universal International Holdings Limited" şirkəti tərəfindən inşa edilən 100 meqavat gücündə "Qobustan" günəş elektrik stansiyası bu yaxınlarda istifadəyə verilib. 2028-ci ildən bərpa olunan enerjinin inkişafının növbəti mərhələsində də rəqabətli hərracların keçirilməsi planlaşdırılıb".
Nazir əlavə edib ki, rəqabət qabiliyyətliliyin yüksəldilməsində enerji səmərəliliyi də mühüm rol oynayır: "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında qanun enerjiyə qənaət edən texnologiyaların tətbiqi, bu sahəyə sərmayə qoyuluşunu və yeni xidmət bazarlarının inkişafını teşviq edir. Bunlar istehsal xərclərini azaltmaqla yanaşı, enerji auditi və idarəçilik kimi sahələrdə sahibkarlıq üçün yeni imkanlar yaradır. Sahibkarların enerji infrastruktura çıxışının asanlaşdırılması da diqqət mərkəzindədir".