ASCO-nun istiqrazlarına tələb təklifdən 14 % çox olub
- 03 mart, 2023
- 12:48
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) yerləşdirdiyi 100 milyon ABŞ dolları dəyərində istiqrazlara 113,997 milyon ABŞ dolları tələb olub.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da, yerləşdirmə tam baş tutub.
Xatırladaq ki, tədavül müddəti 5 il, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraza abunə yazılışında 125 investor 126 sifariş təqdim edib. İstiqrazların illik faiz dərəcəsi 6 %-dir. Faizlər 6 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə baş anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Qiymətli kağızların ticarətə buraxılması münasibətilə BFB-də “Açılış Zəngi” tədbiri keçirilib. Birjanın rəhbəri Eldar Abdullayev yeni istiqraz buraxılışının ölkəmizdə maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını qeyd edib.
ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev isə bildirib ki, qurum bu il 165 illik yubileyini, QSC kimi fəaliyyətinin isə 10 illiyini qeyd edir: "Bu əlamətdar tarixlər ərəfəsində tədavülə buraxdığımız istiqrazlar 2014-cü ildən mənfəətlə işləyən şirkətimizin inkişafına daha böyük töhfə verəcək". O, bu istiqrazların ölkənin qiymətli kağızlar bazarının canlanmasına təsir göstərəcəyinə, vətəndaşlar üçün mənfəətli, etibarlı investisiya imkanı yaradacağına əminliyini də qeyd edib.
"PAŞA Kapital İnvestisiya Şirkəti"nin sədri Ceyhun Hacıyev isə vurğulayıb ki, ASCO korporativ istiqrazlarının kapital bazarlarına daxil olması dövlət əhəmiyyətli mərhələ sayılır: "Bu addım ASCO-nun timsalında digər dövlət şirkətləri üçün xüsusi əhəmiyyət kəsb edir. Korporativ istiqraz emissiyasının əldə etdiyi uğurlu nəticələr digər dövlət şirkətlərini kapital bazarlarına daxil olmağa daha da həvəsləndirəcək".
Çıxışlardan sonra “ASCO istiqrazları”nın ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb.