ASA-da üzvlük haqları yeni yanaşma əsasında toplanılacaq

Maliyyə
  • 10 oktyabr, 2018
  • 14:06
ASA-da üzvlük haqları yeni yanaşma əsasında toplanılacaq

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin (İB) ümumi yığıncağı keçirilib.

“Report” ASA-ya istinadən xəbər verir ki, yığıncaqda qurumun sədri Mustafa Abbasbəyli, İB-nin nümayəndələri, 20 sığorta və təkrarsığorta şirkətinin, həmçinin Assosiasiyanın üzvü olan sığorta vasitəçilərinin rəhbər şəxsləri iştirak edib.

M.Abbasbəyli bu ilin III rübündə görülmüş işlər, həyata keçirilən layihələr və əldə edilən nəticələrin geniş təqdimatını edib. O, ASA-nın təşəbbüsü və böyük əməyi nəticəsində sentyabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, "PAŞA Həyat Sığorta", "Atəşgah Həyat Sığorta" və "Qala Həyat Sığorta" ASC-lər arasında imzalanmış əməkdaşlıq memorandumunu xüsusi olaraq vurğulayıb. Memorandumun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi və icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi, sənədin sığorta bazarına 40-60 mln. manat əlavə sığorta haqqı gətirəcəyini bildirilib.

Daha sonra o, ASA-nın nəzdində fəaliyyət göstərən Hüquq, Həyat, Qeyri-həyat və Vasitəçilər komitəsinin fəaliyyəti barədə danışıb, onlar tərəfindən görülən işləri yüksək dəyərləndirib. Bununla yanaşı, monitorinq qrupunun fəaliyyətə başlamasının sığorta bazarındakı qanunsuz endirim və normadan yüksək komission haqqlarına təsirindən bəhs edib.

Görüşün növbəti müzakirə mövzusu ASA-da üzvlük haqlarının yeni yanaşma əsasında toplanılması məsələsi olub. Müşahidə Şurasının razılığı əsasında Ümumi Yığıncağa təqdim olunan yeni yanaşma iclas iştirakçılarının səsverməsi əsasında qəbul edilib.

Xatırladaq ki, Ümumi Yığıncaq İB-nin təsisçilərindən ibarət ali idarəetmə orqanıdır və nizamnaməyə müvafiq olaraq ildə azı bir dəfə çağırılmalıdır.