TDT Ümumtürk Patent Təşkilatının yaradılmasını təklif edib
- 24 oktyabr, 2025
- 12:08
Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya üzrə İşçi qrupu tərəfindən Ümumtürk Patent Təşkilatının yaradılması təklif edilir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısında deyib.
Onun sözlərinə görə, əqli mülkiyyətin innovasiya, elm və sənayenin inkişafının təməlində dayandığını nəzərə alaraq, bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi strateji və əməli əhəmiyyət daşıyır: "Eyni zamanda, 2023-cü ilin noyabr ayında TDT-nin Astanada keçirilmiş X Sammiti çərçivəsində irəli sürülmüş Türk Dövlətləri Metrologiya Təşkilatının yaradılması təşəbbüsü elm və texnologiyanın inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bu qurumun təsis olunması, ümumi iqtisadi inteqrasiyanın dərinləşməsi, elmi tədqiqat və innovasiya potensialının gücləndirilməsi baxımından mühüm addımdır".
Nazir qeyd edib ki, son illər ərzində TDT çərçivəsində çoxtərəfli münasibətlər yüksələn xətlə inkişaf edir: "Bu da ölkələrimizin bir-birinə olan etimadının və əməkdaşlığının getdikcə möhkəmləndiyini göstərir".