Tokayev: Qazaxıstanda güclü prezident hakimiyyəti qorunub saxlanmalıdır
- 24 oktyabr, 2025
- 14:20
Qazaxıstan güclü prezident hakimiyyətinə malik dövlət olaraq qalmalıdır.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Respublika Günü münasibətilə təşkil edilmiş təntənəli yığıncaqda çıxışı zamanı bildirib.
"Bu, parlament sistemlərinin artıq təhlükəsizlik və qayda-qanun, sabitlik və inkişaf baxımından öz təyinatını yerinə yetirmədiyi dünyada ölkəmizin etibarlı gələcəyinin təmin edilməsi məsələsidir. Xalqımızın dövlətçiliyini riskə atmağa haqqımız yoxdur, biz bəzi ekspertlərin və siyasətçilərin səthi konsepsiyalarına kor-koranə əməl etməməliyik", - o vurğulayıb.
Bununla yanaşı, Tokayev xatırladıb ki, bu yaxınlarda etdiyi müraciətdə parlament islahatlarının başlandığını açıqlayıb.
Onun fikrincə, bu təşəbbüsün əvvəlcədən elan edilməsi ölkədəki siyasi proseslərin şəffaflığını nümayiş etdirir:
"Konstitusiyaya dəyişikliklər təkcə parlamenti deyil, həm də prezident, hökumət və siyasi sistemin bir çox digər aspektlərini əhatə edəcək".