Azərbaycan-Qırğızıstan İnkişaf Fondu 3-cü ölkələrdə də fəaliyyət göstərə bilər
- 24 oktyabr, 2025
- 14:23
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu (AKDF) 3-cü ölkələrdə planlaşdırılan investisiya layihələrinin maliyyələşdirilməsini nəzərdən keçirə bilər.
"Report" xəbər verir ki, bunu Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sənaye, elm, texnologiya və innovasiya nazirlərinin 2-ci Toplantısı çərçivəsində jurnalistlərə bildirib.
O, həmçinin deyib ki, Fond aktiv fəaliyyət göstərir, 4 investisiya müraciətini nəzərdən keçirib və ilkin təsdiq verib. Nazir iş adamlarını, Azərbaycan-Qırğızıstan birgə müəssisələrini və investorları AKDF-ni nəzərdən keçirməyə çağırıb.
O, xatırladıb ki, Fondun nizamnamə kapitalının 25 milyon ABŞ dollarından 100 milyon ABŞ dollarına çatdırılması üçün işlər görülür.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 11-də Qırğızıstanın paytaxtı Bişkekdə "Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş" imzalanıb. Fondun Qırğızıstanın Çolpon-Ata və Bakı şəhərlərində keçirilən iclaslarında qurumun fəaliyyətinin təşkilinə dair sənədlər qəbul edilib, İdarə Heyətinə üzvlər təsdiqlənib. Nizamnamə kapitalına qoyulan vəsait Azərbaycan tərəfindən, beynəlxalq maliyyə institutları, xarici hökumətlərin maliyyə təşkilatları tərəfindən, habelə Qırğız Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələrdən formalaşır.