Bakıətrafı qəsəbələrdə su xətlərinin yenidən qurulması davam etdiriləcək
- 28 mart, 2018
- 13:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 mart. REPORT.AZ/ "Ötən il Bakının bir sıra qəsəbələrində içməli su təchizatı ilə bağlı işlər görüldü. Bu il Bakıətrafı başqa qəsəbələrdə bu işləri davam etdirməklə bağlı hökumətə təklif vermişik".
Bunu "Report"a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
"Kürdaxanı qəsəbəsində işlərimiz tam yekunlaşıb. Badamdarda layihənin birinci mərhələsini yekunlaşdırdıq. Demək olar ki, bütün qəsəbələrdə iş görmüşük, amma tam başa çatmayıb. Elə qəsəbələr var ki, orda 20% iş görülüb, elə qəsəbələr də var ki, 80% tamamlanıb. Bakıətrafı kənd qəsəbələrdə, Abşeron yarımadasında 8 100 km yeni su xətti çəkməliyik, təxminən, 2 min km-dən çox çəkmişik. Dübəndi, Türkan, Zirə, Qala, Saray və bağ massivlərində bu işlərə ehtiyac var", - deyə o qeyd edib.
A.Cəbrayıllı əhaliyə verilən içməli suyun tərkibi ilə bağlı da danışıb: "Suyun tərkibinə tam zəmanət verilir. Bakterioloji və kimyəvi çirklənmə yoxdur, su standartlara cavab verir. Səhiyyə Nazirliyi onun keyfiyyət göstəricilərinə nəzarət edir".