Polis dənizdə köməksiz vəziyyətdə qalan 2 balıqçını xilas edib

Hadisə
  • 30 noyabr, 2018
  • 08:19
Polis dənizdə köməksiz vəziyyətdə qalan 2 balıqçını xilas edib

Bakı. 30 noyabr. REPORT.AZ/ Xəzər dənizində həyati təhlükə ilə üzləşən 2 nəfər Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xilas edilib.

DİN Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, noyabrın 29-da saat 21:25 radələrində Bakı şəhər sakinləri Əmiraslan Hüseynov və Hikmət Səmədov Novxanı qəsəbəsində qayıqla dənizdə balıq ovuna çıxıblar. Sahildən təxminən 5 kilometr aralıda qayığın mühərriki xarab olduğuna görə onlar həyati təhlükə ilə üz-üzə qalıblar.

Dənizdə köməksiz vəziyyətdə qalmış balıqçılardan daxil olmuş məlumatla əlaqədar dərhal DİN Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Havanın çox küləkli, soyuq, dənizin isə dalğalı olmasına baxmayaraq, Ə.Hüseynov və H.Səmədov polis əməkdaşları tərəfindən xilas ediliblər.