"Report" İnformasiya Agentliyi "İlin media qurumu" mükafatına layiq görülüb - FOTO

Fərdi
  • 30 yanvar, 2020
  • 16:06
Report İnformasiya Agentliyi İlin media qurumu mükafatına layiq görülüb - FOTO

Bu gün "Bulvar" otelində "Zirvə" Beynəlxalq İdman Klublarının "Zirve Awards" mükafatlandırma mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə Azərbaycan idmanının tanınmış simaları, dünya və Avropa, Olimpiya çempionları və mükafatçıları, il ərzində uğurlu nəticələri fərqlənmiş, həmçinin digər şəxslər iştirak ediblər.

Budəfəki mərasim digərlərindən fərqli olub. Belə ki, klub rəhbərliyi yeniyetmə və uşaq idmanının inkişafı və təbliğini üstün tutaraq qaliblər siyahısına məhz bu istiqamətdə fərqlənən şəxsləri daxil edib. Mükafata layiq görülən idmançıların heç birinin yaşı 17-dən yuxarı olmayıb, digər nominasiyalarda təltif edilən şəxslər də məhz bu yaşa qədər idmanın inkişafındakı xidmətlərinə görə fərqləndiriliblər. Mükafatlar iki bölmədə – Azərbaycanı beynəlxalq arenada layiqli təmsil edənlər və 7-ci “Zirvə” Beynəlxalq Uşaq Oyunarında fərqlənənlər üzrə təqdim edilib. “Zirve Awards”da “İlin idmançısı”, “İlin hakimi”, “İlin məşqçisi”, “İlin federasiyası”, “Uşaq İdmanının İnkişafındakı Xidmətlərinə görə”, “İlin media qurumları”, həmçinin “Zirvə Oyunları”nda “İlin klubu”, “İlin komandası”, “İlin təşkilatçısı”, “İlin ən yaxşı idmançısı”, “Uşaq İdmanının Təbliğindəki roluna görə” və “Olimpiya ümidləri” nominasiyaları üzrə qaliblər elan edilib.

Mərasimdə Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi Fərid Mansurov, Azərbaycan Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, Milli Olimpiya Komitəsinin şöbə müdiri Həsənağa Rzayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, Azərbaycan Boks Federasiyasından Tofiq Babanlı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və digərləri, həmçinin Zabit Səmədov, Toğrul Əsgərov, Eduard Məmmədov, Rafael Ağayev, Vüqar Ələkbərov, Fuad Aslanov, Rəsul Çunayev, Hacı Əliyev, Cəbrayıl Həsənov və digər tanınmış idmançılar, eyni zamanda media nümayəndələri iştirak ediblər.

Klubun prezidenti Tofiq Heydərov ənənəvi mükafatlandırma mərasimində bu dəfə yalnız "Zirvə"nin idmançı və məşqçilərini deyil, bütün klubların yeniyetmə və gənc istedadlarını, onları yetişdirən məşqçi və federasiyaları, eləcə də media dəstəyi verən KİV-ləri də təltif etməyi qərara aldıqlarını diqqətə çatdırıb.

Daha sonra mükafatlar təqdim olunub. Təltif olunanlar arasında "Report" İnformasiya Agentliyi də var. Agentlik "İlin media qurumu" mükafatına layiq görülüb.

Sonda bu ilin may ayında Astarada keçiriləcək 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının bayrağının rəsmi keçidi prosesi həyata keçirilib. 7-ci Zirvə Oyunlarının Təşkilat Komitəsinin sədri Rauf Quliyev bayrağı növbəti Oyunların Təşkilat Komitəsinin sədri İlqar Malıyevə təqdim edib.

Ənənəyə sadiq qalaraq tort kəsilib. Bunu Olimpiya ümidləri nominasiyasında qalib gələn yeniyetmə idmançılar böyüklər arasında dünya və Avropa çempionatları, Olimpiya Oyunlarında uğur qazanmış idmançılarla birlikdə ediblər.