Türkiyə 9 ayda Azərbaycan qazını alan ölkələr arasında liderliyini qoruyub
- 27 noyabr, 2024
- 08:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu ilin yanvar-sentyabr aylarında Türkiyəyə 2 milyard 256 milyon 24,09 min ABŞ dolları dəyərində 7 milyard 301 milyon 959,14 min kubmetr qaz ixrac edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac kəmiyyət ifadəsində 17,7 %, dəyər ifadəsində isə 27,1 % azalıb.
Ümumilikdə, 2024-cü ilin 9 ayında Azərbaycan 6 milyard 75 milyon 295,99 min ABŞ dolları (-1,9 dəfə) dəyərində 18 milyard 731 milyon 65,99 min kubmetr qaz (-8,3 %) ixrac edib. Hesabat dövründə 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz tədarükü həyata keçirilib.
Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə TOP3-ə Türkiyə, İtaliya və Gürcüstan daxil olub. Türkiyə Azərbaycan qazının alıcıları arasında lider olub və yanvar-sentyabr aylarında Azərbaycandan ixrac edilən qazın 38,98 %-i bu ölkənin payına düşüb.
İkinci yerdə 38,94 %-lə İtaliya qərarlaşıb. 9 ayda bu ölkəyə 2 milyard 888 milyon 315,41 min ABŞ dolları dəyərində (azalma 2,3 dəfə) 7 milyard 294 milyon 277,33 min kubmetr qaz (azalma 3,6 %) ixrac edilib.
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan qazını alan ölkələr arasında üçüncü yerdə 11 % payla Gürcüstan gəlir. Bu dövrdə Gürcüstana 212 milyon 910,91 min ABŞ dolları dəyərində (azalma 26,4 %) 2 milyard 65 milyon 587,62 min kubmetr qaz (artım 18,6 %) ixrac olunub.