SOCAR-ın 2024-cü ilin birinci yarısında neft satışından gəlirləri artıb

Energetika
  • 14 yanvar, 2025
  • 14:07
SOCAR-ın 2024-cü ilin birinci yarısında neft satışından gəlirləri artıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ilin birinci yarısında neft satışından 27,091 milyard manat gəlir təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 % çoxdur.

“Report” xəbər verir ki, bu rəqəmlər şirkətin 2024-cü il üçün yarımillik hesabatında öz əksini tapıb.

Hesabata əsasən, qeyd olunan dövrdə SOCAR neft məhsullarının satışından 10,004 milyard manat (artım 9,4 %), qaz satışından 4,08 milyard manat (azalma 1,9 %), neft-kimya məhsullarının satışından isə 2,522 milyard manat (artım 25,7 %) gəlir əldə edib.

Bundan başqa, şirkətin icarədən əldə etdiyi gəlir 17,8 % azalaraq 175 milyon manat, sair gəlirlər isə 4,4 % azalaraq 1,182 milyard manat təşkil edib.

Ümumilikdə, SOCAR-ın 2024-cü ilin birinci yarısında əldə etdiyi ümumi gəliri 45,054 milyard manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 % çoxdur.