Bu ay Türkiyəyə “Urals” neftinin idxalı rekord həddə çatacaq
- 14 noyabr, 2023
- 07:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin noyabr ayında Rusiyadan Türkiyəyə “Urals” markalı neftin ixracı rekord həddə çatacaq.
“Report”un məlumatına görə, bu barədə “Reuters” Fond Birjası və Maliyyə İnformasiya Şirkətinin (LSEG) treyderlərinin məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, treyderlər bu ay “Urals” neftinin Türkiyəyə tədarükünün oktyabrdakı 1,4 milyon ton göstəricini keçəcəyini və 2022-ci ilin oktyabrında 1,43 milyon ton olan tarixi zirvəni ötəcəyini gözləyirlər.
Bildirilir ki, eyni zamanda, treyderlər planlaşdırılan yüklərin həcminin aşağı düşməsinə baxmayaraq, digər əsas alıcılar - Hindistan və Çin tərəfindən Rusiya neftinin alışlarının sabit qalacağını gözləyirlər.
LSEG-in məlumatına görə, Türkiyə noyabrın 1-dən 15-dək Rusiya limanlarından 800 min tondan çox “Urals” nefti alıb ki, bu da oktyabrın eyni dövrü ilə müqayisədə 200 min ton çoxdur.
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus ən böyük neft emalı zavodu STAR Rusiyanın “LUKoil” şirkəti ilə bu növ neftin təcili tədarükü üçün müqavilə bağladıqdan sonra Türkiyə daha ucuz Rusiya neftini idxal edir.
Rusiyanın “Lukoil” şirkəti oktyabr ayında STAR-a “Urals” xammalı tədarük etməyə başlayıb və bu ay zavodun gücünün yarısına bərabər olan gündəlik təxminən 100 min barel tədarük edəcəyi gözlənilir.