Mikayıl Cabbarov: "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirir"
- 12 oktyabr, 2026
- 15:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Kamboca Biznes Forumunda deyib.
Onun sözlərinə görə, "yaşıl enerji" də daxil olmaqla, enerji digər mühüm sahələrdən biridir: "Azərbaycan bu gün etibarlı qlobal enerji təchizatçısıdır. Boru kəmərləri vasitəsilə ölkədən təbii qaz alan ölkələrin sayı 16-dır. Mayeləşdirilmiş formada qaz qəbul edən ölkələrin sayı isə daha çoxdur. Rəqabətqabiliyyətli enerji qiymətləri Azərbaycanı istehsal üçün cəlbedici məkana çevirir. Biz ənənəvi enerji, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində tərəfdaşlığı alqışlayırıq".
Nazir bildirib ki, dövlətə məxsus SOCAR sadəcə təchizatçı deyil, həm də fəal investordur: "Bu gün şirkət Avropa, ABŞ, Yaxın Şərq, Mərkəzi Asiya və daha geniş regionda investisiya fəaliyyəti ilə təmsil olunur. Kambocadakı tərəfdaşlarımızla birlikdə işləmək və əməkdaşlıq imkanlarını nəzərdən keçirməkdən məmnun olarıq və buna açığıq".