Bolqarıstan iki ayda Azərbaycandan 215 milyon kubmetrdən çox qaz alıb

Energetika
  • 21 aprel, 2025
  • 13:04
Bolqarıstan iki ayda Azərbaycandan 215 milyon kubmetrdən çox qaz alıb

Bu ilin yanvar-fevral aylarında Bolqarıstan Azərbaycandan 215 milyon 577,45 min kubmetr qaz idxal edib.

“Report” Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 % azdır.

Bolqarıstana tədarük edilən “mavi yanacağ”ın dəyəri 79 milyon 166,09 min ABŞ dolları (-22,9 %) təşkil edib. Hesabat dövründə bu ölkəyə təchizat Azərbaycandan qaz ixracının ümumi həcminin 5,1 %-ni təşkil edib.

Hesabat dövründə Yunanıstan Azərbaycandan 73 milyon 335,47 min ABŞ dolları (-6,4 %) dəyərində 134 milyon 128,01 min kubmetr (-16,3 %) qaz idxal edib. Yanvar-fevral aylarında Azərbaycan qazının bütün ixracının 3,2 %-i Yunanıstanın payına düşüb.

Hesabat dövründə Azərbaycan Serbiyaya 46 milyon 500,5 min ABŞ dolları (+17,8 dəfə) dəyərində 94 milyon 744,18 min kubmetr (+15,1 dəfə) qaz tədarük edib. Azərbaycandan tədarükün ümumi həcmində Serbiyanın payı 2,3 % təşkil edib.

Məlumata görə, hesabat dövründə Azərbaycan 1 milyard 550 milyon 401,43 min ABŞ dolları (+6,2 %) dəyərində 4 milyard 187 milyon 47,23 min kubmetr (+5,9 %) qaz ixrac edib. Təchizat altı ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana həyata keçirilib.