Tokayev BTC ilə Qazaxıstan neftinin tədarükünün artırılması planlarını açıqlayıb
- 15 oktyabr, 2026
- 12:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan və Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) ilə Qazaxıstan neftinin tədarük həcmlərini artırmaq niyyətindədir.
"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə bildirib.
"Azərbaycanla birgə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstan neftinin tədarük həcmlərini artırmaq niyyətindəyik", - o deyib.
Tokayev qeyd edib ki, qlobal qeyri-sabitlik şəraitində Qazaxıstan tərəfdaşlığa və əməkdaşlığın genişləndirilməsinə üstünlük verir.
O, həmçinin xatırladıb ki, ötən il Qazaxıstan, Azərbaycan və Özbəkistan "yaşıl enerji" tədarükü sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayaraq Tranxəzər Yaşıl Enerji Dəhlizinin əsasını qoyublar.
Tokayevin sözlərinə görə, bu dəhliz üç ölkənin enerji sistemlərini birləşdirməli və elektrik enerjisinin Qara dəniz vasitəsilə Avropa bazarlarına ötürülməsini təmin etməlidir.